Kimsən sən | Onun aşkı bal dadır - MÜSAHİBƏ, FOTOLAR

Kimsən sən | Onun aşkı bal dadır - MÜSAHİBƏ, FOTOLAR
  20 May 2013    Oxunub:4296
“Yaxınlaşıb dedim ki, mənim mahnıma niyə qulaq asırsan, səviyyəsizsən?”
AzVision.az yeni bir rubrika təqdim edir: KİMSƏN SƏN? Kimdir onlar?

Çoxluq onları dinləyir. Küçəyə çıxırsan onların mahnıları,
avtomobillərdə o mahnılar, telefonlarda o mahnılar, çayxanalarda o mahnılar, dillərdə o mahnılar, qısası, qaynayan samovardan da onların səsi gəlir. Ancaq onların özlərini heç kim tanımır. Onlardan biri də son zamanlar dillər əzbəri olan “Mənim balam bal dadır” mahnısdır. İlk olaraq biz mahnının yaradıcılarından biri Aşıq Səbuhini tapıb tanımağa və tanıtdırmağa çalışdıq.



-“Mənim balam bal dadır” necə yarandı?

-Demək, mahnı sözlərinin müəllifi Orxan Dənizdir. Onu da qeyd edim ki, Orxan məşhur qəzəlxan Ramiz Təkaninin doğmaca bacısı oğludur. O, studiyamıza gəlib, mahnının sözlərini təqdim etdi. Biz də sadəcə özümüz üçün, zövq almaq üçün bu mahnını yaratdıq.

-Deməli sadəcə zövq üçün belə bayağı bir mahnı yazdınız...

-Bayağı mahnı deməzdim və mən inanmazdım ki, Azərbaycan dinləyicisi bunu bu dərəcədə güclü qarşılayar. Biz mahnını sadəcə “Youtube”a yüklədik və paylaşdıq. Və səhəri günü baxış sayına baxanda mən şoka düşdüm. Bir gün ərzində 143 min 722 nəfər dinləmişdi. Növbəti günlərdə artıq əməlli-başlı kataloqlarda yer tutmuşdu özünə. Mahnının dəhşətli dərəcədə fanatları var. Bir növ bu mahnıyla Üzeyirə rəqib olduq.

-Yaxşı, sizə görə bayağı deyil, bəs hansı janr, hansı tipdir bu mahnı, varmı belə bir mahnı növü?

-Bəli, “Mənim aşkım bal dadır” bayağı deyil. Meyxanadır, sırf məzəli meyxanadır, musiqidir, oynaqdır. Lap istər bayağı olsun, istər professional, şükür olsun ki, üzümüzü qaraldacaq heç bir şey hələ ki, ortaya çıxmayıb. Məzəli də olsa, güclü də olsa sevilmişik.

-Mahnının sözləri necə yazıldı bəs?

-Qeyd etdiyim kimi, sözləri Orxan Dəniz yazıb. İnsandır da, yazıb... Əvvəlcədən yazılmayan sözlərdir. Yenə deyirəm, məqsədimiz nə isə reklam xarakterli bir şey ərsəyə gətirmək deyildi. Sadəcə olaraq, partladı da bu mahnı.

-Yəni heçmi bazar üçün nəzərdə tutulmamışdı ?

-Yox, biz bu mahnını bazar üçün nəzərdə tutmamışdıq. Məsələn, öz ifamda olan Avropa musiqilərinin instrumental versiyaları var. Onlar sırf bazar üçün nəzərdə tutulub. Onları oxumaqda məqsəd Azərbaycan musiqisini Avropada tanıtmaqdır.Amma bu mahnını sırf mənəvi zövq xatirinə oxuduq. Bilməzdik ki ki, elə ifalar dura-dura bu mahnıya görə bizi belə sevəcəklər.

-Neçə ildir musiqi ilə məşğul olursunuz ?

-Şablon səslənsə də, uşaqlıqdan. 27 yaşım olsa da, bu sahədə təcrübəm, musiqi təhsilim də var. Sumqaytıdakı musiqi məktəbini bitirmişəm. Müəllimimsə Azərbaycanda güclü instrumental ifaçı Seymur Zirəddin olub və ifanın sirlərini ondan öyrənmişəm.

- Niyə aşıq sənətini davam etdirməyib, bu işi seçdiniz?

-Hər addımbaşı aşıq sənətinin ifaçıları var. Toya gedirsiz, aşıqlar gəlir. El məclisi olur aşıqlar gəlir. Nə gözəl. Bu, fəxredici bir şeydir. Amma Avropada aşıq deyəndə hamı mat-mat baxır ki, aşıq nədir?

- Sizcə, bu üsulla özünüzü və Azərbaycanı tanıtmağa nail ola bilirsiz ?

-Bəli, artıq kifayət qədər tanınıram. Türkiyədə tanınmış radionun efirində instrumental ifalarıma görə iki həftə birinci yerdə olmuşam. DJ Onurla bu yaxınlarda bir layihəm olacaq. İki gün əvvəl Rostovdaydım. Konsert proqramında çıxış etdik. Həmçinin, Rusiyanın Birinci kanalında təqdimata qatıldıq. Oradakı fanatları görəndə mən artıq şok keçirirdim.

Belədi də... Sifətim, simam tanınmır. Tanımasınlar. Amma musiqilərim və adım tanınır. Azərbaycanda bir prinsip var da, iki-üç toya gedim, sonra hansısa kanallara gedim, 2000-3000 verib efirə çıxım, simamı tanısınlar. Amma mənim üçün belə deyil.

- Bəs siz özünüzü necə tanıtdırırsınız ?

-Azərbaycan xalqı üçün bu dəqiqə əsas tanıtım məkanı “Facebook” və “Youtube”dur. Məni tanıyan “facebook”dan, “youtube”dən tanıyır. Mən sosial şəbəkələrdən çıxmış bir adamam. Çox kanallarda olmuşam amma deyə bilmərəm ki, məni hansısa efir tanıtdırıb. Sadəcə olaraq, Azərbaycanda bir prinsip var ki, yatırım etməsən, pul götürə bilmərsən. “Qara toy” biznesi söhbəti var da. Yəni yeni gələn sənətçi sənətini pulla satır elə bil. Amma mən elələrindən deyiləm. Heç vaxt efirə pul verməmişəm.

- Yəni pulla efirə çıxmağı özünüzə rəva bilmirsiniz ?

-Yox, məsələ bu deyil. Bu musiqini mən ərsəyə gətirənədək xeyli əziyyət çəkirəm. Təbii ki, hamısı maddi vəsait hesabına ərsəyə gəlir. Televiziya efiri onun üçündür ki, layiqli musiqini təqdim etsin. Yoxsa heç vaxt razılaşa bilmərəm ki, ifa etdiyim musiqini öz cibimin puluna satım. Yenə də məni efirə dəvət edənlər sağ olsun. Sizin kimi desək, bayağı da olsa, deməli, auditoriyam var ki, dəvət edirlər də...

Şəxsi biznesim, studiyam var. Biznesimin hesabına ödənişlərimi edib, studiya xərclərimi ödəyib öz işimi görürəm.

-Toylara gedirsiniz?

- Təbii ki. Amma toy tutmaq prinsipi ilə yaşamıram.


- Məşğul olduğunuz sənətdən necə, pul qazanırsınız? Yoxsa məqsəd sadəcə sazımızı tanıtdırmaqdır?


-Məqsədim Azərbaycan xalqını, sazını Avropaya tanıtdırmaqdır. Mənim prinsipim var - Avropa Azərbaycan sazını dinləyəcək. Şükür Allaha, dinləyir də. Yeganə məqsədim budur.

-“Mənim balam bal dadır” mahnısından pul qazanmısınızmı

-O mahnı mənim həyatımdır... (gülür)

-Ayrılıqda 41 instrumental mahnı və “Mənim balam bal dadır”, hansı daha çox gəlir gətirib?


- Ən çox mənə qazanc gətirən “Şərq” instrumental musiqisi olub. Bir də ki, “Oazis”. Baxış sayına görə isə, “Mənim balam” çox güclü olub. Hətta bu yaxınlarda bu mahnını oxumaq üçün toya çağırmışdılar. Yaxşı pul da verirdilər. Məbləği açıqlamayacam amma müəyyən səbəblərdən gedə bilmədik.

“Heç vaxt təsəvvür etməzdim ki, nə vaxtsa AzVision.az saytı məni dəvət edəcək və “Mənim balam bal dadır” ifasına görə müsahibə verəcəm”.

Sizə maraqlı bir əhvalat da danışım. Bu yaxınlarda bir oğlan gəlib mənə ağzından çıxanı dedi ki, bu nə səviyəsiz mahnıdı ifa edirsiniz. Təsəvvür edin ki, “yolka ağacı bəzədi də” elə bil. Danışıb qurtarandan sonra, bircə onu dedim ki, “Yaxşı, biz səviyyəsizik, sən olma”. Mən çox zaman mübahisə etmirəm. Bu yaxınlarda həmin oğlanı Sumqayıtın mərkəzində gördüm, maşınının arxa qapılarını açıb, əlini belinə qoyub “Mənim balam bal dadır”a qulaq asır, qızlara baxırdı. Yaxınlaşıb dedim ki, bəs mənim mahnıma niyə qulaq asırsan, səviyyəsizsən?

Bilirsiniz, qara piarın özü ən güclü piardır. Yenə də deyirəm, məqsədim o deyildi ki, bu mahnını bazara çıxarım. “Mənim balam bal dadır” mahnımızdan sonra, “İsyan” ortaya çıxanda tamam fərqli nüanslar oldu. “İsyan” instrumental ifama görə, hətta bir çox kanallar, internet portallar efirə dəvət etdilər.

- Çoxlarına maraqlıdır, “Mənim balam bal dadır”dan sonra “İsyan”....

-İnsan hər bir şeyi bacarmalıdır. Məni pisliyirlərsə, deməli mən mövcudam, varam ki, məni pisləyirlər. Mənim yaxşılığıma danışırlarsa, deməli mən varam ki, danışırlar. Haqqımda danışmırlarsa, deməli mən yoxam. Tənqid gözəl şeydir.

-Bəs tənqid təhqirə keçəndə?

-Sizi inandırım ki, “Youtube”də mahnının altında təhqir yazanlar ən yaxşı dinləyicilərimdir. Mən bunu əminliklə deyirəm.

-Ailəniz, qohum-əqrəbalarınız mahnını necə qarşıladı?

-Hamısı toya çağırır məni (gülür). Bir həftə Rostovda oldum, orda da həmin mahnını eşitdim ancaq. Hətta onu da deyim, Tbilisidə kanalda mahnımızın “zəngimcell” kodu efirdə gedir. Xəzər televiziyasında da həmçinin. Mən müəllif hüquqları qeydiyyatından keçsəm, təbii ki, həmin şeylərə görə gəlir əldə edəcəm. Üzeyir kimi bir çox ifaçıların adını çəkmək olar ki, onlar bu “zəngimcell”lərdən qazanc əldə edirlər.

-Özünüz dinləyici kimi kimlərə qulaq asırsız?

-Mən hər şeyi dinləyirəm. Azərbaycanda elə bir musiqiçi yoxdu ki, onu dinləməyim. İstər instrumental olsun, istərsə də ifaçı olsun. Amma daha çox Avropa musiqisinə qulaq asıram. Və Azərbaycanın aşıq musiqisi ilə uzlaşdırıram. Tam səmimi deyim, zövq almaq, dincəlmək üçün Şadeyə qulaq asıram.

- Dediniz ki, mənim öz auditoriyam var. Sizin o auditoriyanı kimlər, hansı təbəqə təşkil edir?

- Məni dinləyən ancaq gənclərdir və öz auditoriyamı sevirəm.

- Belə mahnıları daha çox, el dili ilə desək, Sumqayıt uşaqları oxuyur və Sumqayıt uşaqlarında qəribə bir əminlik, özündənrazılıq var, elə sizdə də...Nədən irəli gəlir bu?

- Sumqayıtda 3 studiya var. O studiyalar çalışanlarla hamımız dostuq. Bizdə hər şey yaxşı gedir, çünki çox mehribanıq. Sözümüz bir-birimizin boğazından keçir. Biz nə isə həyata keçirəndə pul güdmürük. Amma Bakıda elə deyil. Bakıdakı studiyalar bir-birinin prisipinə hərəkət edir. Ancaq bizdə azacıq aşım, ağrımaz başım...Bizim öz dünyamız var, Sumqayıtın öz aləmi var. Sumqayıtın avtoşu da var, meyxançısı da, qaqaşları da. Bizim qardaşlar bir-birinə dost deyirlərsə, o sözə əhəmiyyət verirlər. Düzdür, Sumqayıtda da bəzi məqamlar var, meşə çaqqalsız olmaz.


-Bu mahnının populyarlaşmasının əsas amil nə olub?

-Hər bir musiqinin öz dinləyicisi, inkişaf yeri var. Bu tip mahnıları da tanıdan ya avtoşlar, ya internet ya da kafelərdir. Mahnı birinci internetdə, sonra da təbii ki, kafelərdə populyarlaşdı. Kafe sahibi gördü ki, mahnı müştəri cəlb edir, deyir nəinki bir dəfə, iki dəfə oxutdurmaq, bu mahnı mənim kafemin himni olar. “Mənim balam bal dadır”ın partlama yeri məhz əyləncə kafeləri oldu.

-Niyə məhz “balam”, “aşkım” ?

-Şəhərə çıxın, telefonda, ağac altda, yolda, sevgilisiylə danışan hamı aşkım, balam, sevgilim sözlərini işlədir. Siz də qızsız, sevdiyiniz şəxs sizə aşkım, balam desə xoşunuza gəlməz ? Balam bəyəm pis sözüdü ? Hələ mən son dövrlər, “Celal ve Ceren”dən sonra “aşkısı” kəlməsindən yapışmışam.

İnanırsınız Facebook-da bildiriş gəlir ki, “Mənim balam bal dadır”, “Mənim aşkım bal dadır” səhifələrini “like” elə. Özüm də şoka düşürəm.

-Sizcə bu mahnı Üzeyirin mahnılarını kölgədə qoya bildimi ?

-Sözün yaxşı mənasında, sənətdə ona rəqib ola bilərəm. O qədər meyxanaçılar var ki, zəng edirlər, ki, duet oxuyaq.

-Siz buna sənət deyirsiniz ?

-Üzeyir öz mahnıları ilə öz möhürünü vurub. Bu mahnıları sənət hesab etmək olmaz. Bu mahnılar toyda oynamaq üçün yazılıb, sümüyə düşən ritmlərdir.

- Bu mahnını neçə dəqiqəyə yazmısınız ?

-Əla sualdır. Bu mahnı cəmi cümlətanı bir saatın içində ərsəyə gələn mahnıdır. Əvvəl sözləri, sonra musiqisi yazılıb. Mahnını bütünlüklə kamilləşdirən isə oranjman olub.

- Özünüz oxuyarsız bu mahnını nə vaxtsa?

- Niyə oxumuram ki. Əgər ürəyimə yatırsa, xoşuma gəlirsə, mən bunu edərəm. Səni istəmədiyin bir şeyə kimsə məcbur edə bilməz. İnandırım sizi, bir işdən zövq alıb, onu həyata keçirəndə, hamı ondan zövq alacaq.

- Mənim balam bal dadır mahnısını nə vaxt dinləyirsiz?

-Gün ərzində üç dəfə dinləyirəm.

- Meyxanaçılardan kimləri dinləyirsiz?

- Ən çox musiqisi güclü olan meyxanaları dinləyirəm. Hansı meyxanada həm şeir, həm musiqi güclüdür, o mahnı partladır həmişə. Bu yaxınlarda Gülağanın bir meyxanası çıxıb, “Heyf məndən”. Çox qəşəng nüanslara toxunub, musiqisi də əksər azərbaycanlıların sevdiyi blatnoy musiqidir.

- Öz ədəbiyyatımızı mütaliə edirsinizmi?

- Füzulini, Nizamini oxuyuram. Bizim işimiz var, bu o demək deyil ki, biz hər şeyə kortəbii gözümüzü bağlayıb gedirik. Yox. Hər şeyin kökü var. Kökü olmasa biz bunları yarada bilmərik. Çox istəyərdim ki, musiqi savadımı da inkişaf etdirim.

–Saza sevgi necə yaranıb?

-Atam sazı çox sevib. Düzünü deyim, əvvəllər saza nifrət etmişəm, amma indi həyatımı sazsız təsəvvür etmirəm. Bir gün saza qulaq asmasam, məşq etməsəm ölərəm. Əsgərliyə də saznan getmişəm. Hərbi xidmətdə bir əlimdə saz, bir əlimdə silah olub.

- Özünüzü ifaçı , yoxsa bəstəkar kateqoriyasına aid edirsiniz?

-Öz bəstələrim var, amma özümü qətiyyən bəstəkar hesab etmirəm. Mənə daha çox uğur gətirən Şərq və Oazis kompozisiyalarım olub, onları isə özüm bəstələməmişəm. Bəstəkar yox, daha çox ifaçıyam.

Sevinc Fədai
Leyla Əliyeva



Qalereya




Teqlər:  





Xəbər lenti